17.04.2026
Mart ayından etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.
Layihə çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 15-də Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən konsertdə klassik bəstəkar mahnıları, həm də xalq yaradıcılığı nümunələri səsləndirilib. Proqramda Cahangir Cahangirov, Əhsən Dadaşov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Oktay Kazımi və başqa bəstəkarların əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.