24.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü, Regional idarənin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş dastan axşamı keçirilmişdir.
Tədbirin aparıcısı Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin direktoru Akif Bayramov tədbir iştirakçılarını salamladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 Fevral 2021-ci il tarixli məlum sərəncamı barədə məlumat verdi. Sonra o, bütün kəlbəcərlilər adından Kəlbəcər rayonunun işğaldan azad olunması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər, qazilərə Allahdan şəfa arzuladılar. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin “Xalq Aşıqlar” ansamblının üzvləri, Respublikanın Əməkdar Mədəniyyət işçisi, aşıq Əhliman Allahverdiyev, aşıq Əfqan Məmmədov, aşıq Elbrus Hüseynov, balabancı İbad Allahverdiyev, “Aşıq Ələsgər və Anaxanım” dastanını, “Aşıq Ələsgərin Söyüdlü Səfəri” dastanını yığcam şəkildə təqdim etdilər.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi Xəzəngül Hüseynova, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirin sonunda dastan axşamını təqdim edənlərə öz səmimi minnətdarlığını bildirmişdir.
Tədbir nümayiş üçün Kəpəz TV tərəfindən lentə alınmışdır. Dastan axşamı mövcud karantin rejimi qaydalarına uyğun şəkildə təşkil olunmuşdur.