30.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhəri üzrə mədəniyyət müəssisələrinin əməkdaşları, Naftalan şəhər Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Tünzalə Aslanovanın oğlu – II Qarabağ müharibəsində şəhid olan Bəxtiyar Aslanovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Bəxtiyar Aslanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Şəhid döyüşçü müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə quluq edib, Murovdağ zirvəsi ətrafında gedən döyüşlərdə iştirak edib və həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Naftalan şəhəri üzrə mədəniyyət müəssisələrinin əməkdaşları daha sonra Bəxtiyar Aslanovun evinə gələrək onun ailə üzvləri ilə görüşüblər. Şəhidin ailəsi onun keçdiyi şərəfli döyüş yolundan və xatirələrindən danışıb. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi hər kəs üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir.
Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, hazırda müalicəsi davam edən qazilərimizə isə şəfa dilənib.