
26.05.2026
"Gəncə Baharı" İstedadlı Tələbə – Gənclərin Yaradıcılıq Festivalı Gəncədə təhsil alan gənclərin potensialını üzə çıxarmaq məqsədilə təşkil edilən möhtəşəm mədəniyyət layihəsidir.
Festival çərçivəsində istedadlı tələbələr musiqi, rəqs və bədii qiraət kimi müxtəlif nominasiyalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Festivalda Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə−Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndələri, həmçinin Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri və gənclər iştirak ediblər.
Rəsmi çıxışlardan sonra bədii hissə ilə festival davam edib, gənclərin təqdim etdiyi rəqs musiqi, bədii qiraət tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
“Gəncə Baharı Festivalı” Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü əsasında Gəncə−Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində GDAK-n dəstəyi ilə uğurla həyata keçirilib.
Tədbir gənclərin musiqi və incəsənət sahəsindəki bacarıqlarının nümayişi, eyni zamanda mədəni mübadilənin və yaradıcılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb
Sonda festivalda iştirak edən bütün tələbə-gənclər təşkilatları təltif olunaraq onlara təşəkkür və xatirə hədiyyələri təqdim edilib